Pakistanlı baş redaktor: “Xalqlarımız arasında qarşılıqlı sevgi var” – MÜSAHİBƏ

0
1880

 Fevral, 2020  15:11

Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Pakistandan gələn jurnalistlərdən ibarət nümayəndə heyəti “Report” İnformasiya Agentliyində olub. “Diplomatic News Agency” xəbər agentliyinin və “Centreline” jurnalının baş redaktoru Ansar Bhatti ilə müsahibəni təqdim edirik:

– Azərbaycana xoş gəlmisiniz. Səfərinizin əsas məqsədi nədir?

– Təşəkkür edirəm. Bu, mənim Azərbaycana beşinci səfərimdir. İlk dəfə Azərbaycana 2011-ci ildə Bakı Humanitar Forumunu işıqlandırmaq üçün gəlmişdim. Bundan sonra da müxtəlif vaxtlarda səfərlərim olub. Hazırkı səfərimizin əsas məqsədi Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini izləmək və işıqlandırmaqdır. Müşahidələrimizə əsasən deyə bilərəm ki, seçkiöncəsi proses çox yüksək səviyyədədir və hər şey yaxşı təşkil edilib. İnsanların da seçkiyə marağını və hökumətə dəstəyini hiss edirik. Bundan başqa, bu dəfəki seçkilərdə gənclərin xüsusi fəallığı hiss edilir. Həm namizədlər sırasında gənclər çoxluq təşkil edir, həm də onların seçki prosesində çox aktivləşməsi tendensiyasını görə bilirik. Ümumiyyətlə, agentlik olaraq Azərbaycanda baş verən prosesləri, xüsusilə də qarşıdan gələn parlament seçkilərini diqqətlə izləyərək mütəmadi xəbərlər dərc edirik.

– Pakistanda əhali informasiyanı daha çox hansı vasitə ilə alır? Dünyada belə bir tendensiya hiss edilir ki, yazılı mətbuat öz yerini elektron mediaya verir. Sizdə vəziyyət necədir?

– Pakistan əhalisi çox olan ölkələrdəndir. 200 milyon əhalisi olan Pakistanda 3 mindən artıq media qurumu var. Ona görə də insanlar ən müxtəlif vasitələrlə informasiya əldə edə bilirlər. Elektron medianın önə çıxması tenedensiyası Pakistanda da hiss olunmaqdadır. Ancaq insanlar hələ də qəzetlərə üstünlük verir və oxuyurlar. Pakistanda qəzet etibarlı informasiya mənbəyi sayılır.

– Sizin agentliyin xarici ölkələrlə əlaqələri necə qurulub? Məsələn, Azərbaycanla bağlı xəbərləri haradan əldə edirsiniz?

– Rəhbəri olduğum “Diplomatic News Agency” xəbər agentliyində daha çox diplomatik sahə və xarici siyasətlə bağlı xəbərlər dərc olunur. Biz fəaliyyət istiqamətimizə uyğun olaraq, xarici ölkələrin kütləvi informasiya vasitələri (KİV) ilə əlaqələr qurmağa üstünlük veririk. Həmçinin fəaliyyətimiz əsasən diplomatik sahə ilə bağlı olduğuna görə, səfirliklər vasitəsilə də məlumatlar əldə edirik. Sizin ölkə ilə bağlı xəbərləri də daha çox Azərbaycanın Pakistandakı səfirliyi vasitəsilə əldə edirik. Onlar mütəmadi olaraq media üçün məlumatlar yayırlar. Bundan başqa, Azərbaycanın əsas xəbər agentlikləri olan “Report”, AZƏRTAC, “Trend”, “Azernews” kimi media qurumları ilə əməkdaşlıq edir, daim izləyir və daha çox onların yaydıqları xəbərlərdən istifadə edirik. Bu səfər çərçivəsində birbaşa əlaqələrimiz yarandığına görə, bundan sonra “Report”la daha sıx əməkdaşlıq edəcəyik. Bu əməkdaşlığımız informasiya mübadiləsinə, xəbərlərin hər iki ölkədə daha dəqiq və operativ şəkildə əldə olunaraq yayılmasına müsbət təsirlərini göstərəcək.

– Xarici ölkələrlə bağlı daha çox hansı xəbərlərə üstünlük verirsiniz?

– Bizim əsas ixtisaslaşdığımız sahə diplomatik sahədir və bu sahədə Pakistanda ixtisaslaşan yeganə agentliyik. Bu səbədən də daha çox diplomatik əlaqələrlə bağlı xəbərlər dərc edilir. Bundan başqa, siyasi xəbərlərə də üstünlük veririk. Həmçinin xarici ölkələrlə bağlı idman xəbərlərinə də yer veririk. Çünki Pakistanda idmana maraq çox böyükdür. Digər sahələrə də yer ayırsaq da, qeyd etdiyim sahələr prioritet təşkil edir.

– Azərbaycanla bağlı təəssüratlarınız necədir?

– Azərbaycan çox gözəl ölkədir. Ölkələrimiz arasında çox yüksək səviyyədə ikitərəfli əlaqələr və xalqlar arasında qarşılıqlı sevgi mövcuddur. Bunu burada çox bariz şəkildə hiss edirik. Azərbaycan xalqına və hökumətinə uğurlar azrulayırıq!